PENİTENSİAR XİDMƏT ÜZRƏ İCTİMAİ KOMİTƏNİN İKİNCİ TƏRKİBİNİN SƏLAHİYYƏT MÜDDƏTİ BAŞA ÇATIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də “Caspian Plaza” hotelində Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin ikinci tərkibinin səlahiyyət müddətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, seçki komissiyasının və İctimai Komitənin üzvləri, ictimaiyyət nümayəndələri, KİV-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin təmsilçiləri iştirak etmişlər.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirmişdir ki, komitə üzvlərinin səlahiyyət müddəti bir illik dövrü əhatə edir. Bu müddət başa çatdıqdan sonra ədliyyə nazirinin qərarı ilə yaradılmış seçki komissiyası növbəti üzvləri seçir və tərkib nazir tərəfindən təsdiq olunur.
İctimai Komitənin ikinci tərkibi bu qurumun ötən il noyabrın 6-da keçirdiyi ilk iclasdan sonra fəaliyyətə başlamışdır.
F.Qurbanov vurğulamışdır ki, İctimai Komitə növbəti səlahiyyət müddəti üçün fəaliyyət planını təsdiq etmişdir. Altı hissədən ibarət olan fəaliyyət planına cəzaçəkmə müəssisələrinə baxış keçirmək və monitorinqlər, islah işlərində iştirak, ictimaiyyətlə əlaqələrin təşkili, penitensiar müəssisələrə aid normaların təkmilləşdirilməsi üzrə fəaliyyət, maarifləndirici işlər və İctimai Komitənin beynəlxalq əlaqələrinin qurulması kimi məsələlər daxildir.
Komitənin əlaqələndiricisi Sahib Məmmədov qurumun internet səhifəsinin fəaliyyəti, maarifləndirici ədəbiyyatların hazırlanması və digər məsələlər haqqında məlumat vermişdir.
Mətbuat konfransında bildirilmişdir ki, komitənin ikinci tərkibinin səlahiyyət müddəti cari ilin oktyabrında başa çatır. Bununla əlaqədar komitənin hesabatı ədliyyə nazirinə təqdim ediləcəkdir.
Tədbirdə komitə üzvlərinin hesabatları dinlənilmiş, müzakirələr aparılmışdır.