Penitensiar Xidmətə qulluğa qəbulla bağlı müsahibə elan edilib
Bakı, 31 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edilib.
Bu barədə AZƏRTAC-a Xidmətin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Penitensiar Xidmətin kiçik rəis heyəti vəzifələri üzrə vakant ştat vahidlərinin zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə Müsabiqə Komissiyası müsahibə elan edib.
Müsahibədə iştirak etmək istəyən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna müvafiq olaraq şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə xidmətdə qulluğa yararlı, əvvəllər məhkum edilməmiş, məhkəmə, prokurorluq, digər hüquq-mühafizə orqanları və ya başqa dövlət orqanlarında yol verdiyi nöqsanlara görə xaric edilməmiş, həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları avqustun 7-dən sentyabrın 7-dək ərizə ilə Penitensiar Xidmətə müraciət edə bilərlər. Ərizələri Penitensiar Xidmətin elektron poçtu ([email protected]), “Azərpoçt” və ya xidmətin Bakı şəhəri, Nizami küçəsi 114 ünvanındakı inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.
Seçim zamanı ali təhsilli, kompüter və xarici dil biliklərinə malik, boyu ən azı 175 santimetr olan, yaxın qohumları məhkum edilməmiş kişi namizədlərə, həmçinin ədliyyə sistemində həqiqi hərbi xidmət keçmiş şəxslərə üstünlük veriləcək.
Müsahibədə iştirak etmək istəyənlər ərizə nümunəsi ilə qurumun internet səhifəsinin (http://penitensiar.justice.gov.az) “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.