Peşə məktəblərinin tələbələri Almaniyada təcrübə proqramında iştirak hüququ qazanıblar
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Peşə Təhsili üzrə Dövlət Agentliyində “Almaniyada beynəlxalq kənd təsərrüfatı təcrübə proqramında” iştirak edəcək tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, proqram Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniyanın Sparkassenstiftung Fondu və “Agri Kontakte” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqramda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyinin bir qrup tələbəsi iştirak edəcək.
Təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda, Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdir.
Artıq təşkilatın nümayəndələrinin iştirakı ilə bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, bağban dekorator, aqroservis mütəxəssisi, geniş profilli traktorçu-maşinist kimi kənd təsərrüfatı ixtisaslarında təhsil alan tələbələrin müsahibəsi keçirilib. Müsahibədən uğurla keçən 11 tələbə aprelin 19-dan etibarən Almaniyada gənc fermerlər üçün 8 aylıq kənd təsərrüfatı təlimi proqramına cəlb olunacaqlar.
Qeyd edək ki, səfərə hazırlıq məqsədilə tələbələr alman dili kurslarına cəlb olunub və kursu müvəffəqiyyətlə bitiriblər. Eyni zamanda, onlara müvafiq istiqamətdə bir sıra təlimlər keçirilib.