Pestisid saxlanılan 165 anbardan 127-də qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb
Bakı, 25 noyabr, AZƏRTAC
Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksəkkeyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarətin gücləndirilməsi, insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyi, istifadə müddəti bitmiş yararsız preparatların aşkarlanması, zərərsizləşdirilməsi və s. tədbirlərin təşkili məqsədilə aidiyyəti dövlət orqanlarının (Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri) əməkdaşlarından ibarət xüsusi monitorinq qrupları yaradılıb və respublika üzrə ümumilikdə 165 pestisid saxlama anbarında monitorinq aparılıb. Anbarlardan 127-də qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb.
Monitorinqlər zamanı bəzi müəssisələrin lisenziyasız fəaliyyət göstərməsi, zəhərli kimyəvi maddələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə cavab verməyən yerlərdə saxlanması, anbarların yaşayış məntəqələrindən, taxıl anbarlarından və su mənbələrindən tələb olunan məsafədə yerləşməməsi, məcburi havadəyişən qurğuların quraşdırılmaması, effektli ventilyasiya sisteminin olmaması, məhsulların saxlanma şəraiti tələblərinin gözlənilməməsi və standartlara cavab verməyən, vaxtı keçmiş məhsulların saxlanılması halları aşkar olunub.
Monitorinqlər zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan müəssisələrin səlahiyyətli şəxsləri barədə, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tədbirlər görülüb. Hazırda bu sahədə sağlamlaşdırma tədbirləri davam etdirilir.