Polis əməkdaşları Beyləqanda şadlıq evlərində reydlər keçiriblər
Bakı, 21 iyul, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində iki şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğunu aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində fəaliyyət göstərən “Kral” və “Röya” şadlıq saraylarında aparılan yoxlamalar zamanı qonaqların müvafiq say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri İbad Aslanov və Ağaxan Hacıyev inzibati məsuliyyətə cəlb ediliblər. Onlar 4 min manat məbləğində cərimələniblər.
Həmin şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb olunublar. Həmin şəxslər 400 və 200 manat məbləğində cərimələniblər.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq dövlət orqanları ilə birgə yaşadıqları evlərin həyətlərində toy məclisi təşkil edən şəxslər arasında da profilaktik yoxlama tədbirləri həyata keçirirlər. Rayonun Örənqala qəsəbəsi, Eyvazalılar kəndi və digər inzibati ərazilərində keçirilən yoxlamalar zamanı analoji qayda pozuntularına rast gəlinib. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, cərimə protokolları tərtib edilib.