SİYASƏT
Politoloq: Azərbaycan regionda yeni əməkdaşlıq platforması yaradır
![Politoloq: Azərbaycan regionda yeni əməkdaşlıq platforması yaradır](/files/2023/1/1200x630/16739586891462862319_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə səfəri çox vacib və əhəmiyyətli idi. Dövlətimizin başçısının BƏƏ-yə bir neçə dəfə səfəri baş tutub. Bu səfərin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dünyanın diqqəti bu regionda cəmləşir. Çünki dünya enerji böhranı və onun fəsadları təəssüflər olsun ki, bir neçə ölkədə mənfi fəsadlarla nəticələnir. Əlbəttə ki, onlar dayanıqlı və etibarlı tərəfdaşlar axtarışındadırlar. Azərbaycan belə tərəfdaşlardan biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, hazırda Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr həm Avropa İttifaqı (Aİ), həm də ayrı-ayrı ölkələrin dayanıqlı surətdə Azərbaycanın enerji resursları ilə təmin etməsinə imkanlar yaradır. Bu meqa layihələr, - hansı ki, Azərbaycanın iştirakı ilə həyata keçirilir, - digər oyunçular üçün kifayət qədər maraq kəsb edir. Oyunçulardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Bir neçə ay əvvəl Rumıniyada imzalanan yaşıl dəhliz layihəsi Azərbaycandan Avropa və Balkan ölkələrinə yaşıl enerjinin ixracatını nəzərdə tutur. Bu da böyük rəqəmlərlə ölçülən, təqribən 4 qiqavatlıq bir layihədir. BƏƏ bu layihənin həyata keçirilməsində də böyük paya malikdir. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşma bizə imkanlar yaradır ki, biz yaşıl enerji layihələrini sürətlə davam etdirək və öz enerji potensiyalımızı artıraq. Ən yaxın gələcəkdə Aİ-ni yaşıl enerji ilə təmin edək.
“Meqa layihənin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan regionda yeni əməkdaşlıq platforması yaradır. Əlbəttə ki, bu platformadan BƏƏ və Azərbaycanın qonşuları Gürcüstan, Türkiyə, eyni zamanda, Azərbaycanla əməkdaşlıq edən bütün ölkələr faydalana bilər. Hesab edirəm, bu səfərin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bir daha öz rolunu dünya xəritəsində təsdiqləmiş olur. Bu xəritə ondan xəbər verir ki, Azərbaycanın rolu iqtisadi-siyasi xəritədə ildən ilə artacaq”, - deyə İlqar Vəlizadə diqqətə çatdırıb.