POLŞA AZƏRBAYCANLILARI ASSOSİASİYASININ YARADILMASINA HAZIRLIQ GÖRÜLÜR
Bakı, 2 mart (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, “Polşa Azərbaycanlıları Assosiasiyası”nın yaradılmasına hazırlıq davam edir. Yeni qurumun məqsədi Polşada yaşayan soydaşlarımızın təşkilatlanmasını daha da sürətləndirmək, bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının birgə işini təmin etmək və onların fəaliyyətinin vahid mərkəzdən əlaqələndirilməsinə nail olmaqdır.
Bununla bağlı Dövlət Komitəsinin Polşaya ezam olunan əməkdaşları Varşava Universitetində soydaşlarımızla keçirdikləri görüşdə ətraflı müzakirələr aparmışlar. Assosiasiyanın təsis konfransının Varşavada keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Komitəsinin əməkdaşları Polşada yaşayan və işləyən azərbaycanlıların problemləri ilə də maraqlanmışlar.
Bundan başqa, bu ilin aprelində keçirilməsi planlaşdırılan Polşadakı soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasında diaspor təşkilatlarının roluna dair konfrans barədə də fikir mubadiləsi aparılmışdır.
Komitə əməkdaşları, həmçinin Qdansk şəhərində də olmuş, buradakı Azər-Pol Cəmiyyətində görüşlər keçirmişlər.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşları Xocalı soyqırımına dair CD, kitab və digər təbliğat materialları Varşavada faciənin 17-ci ildönümünə həsr olunmuş anma mərasiminin iştirakçılarına paylamışlar. Anma mərasimində, həmçinin İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası barədə ətraflı məlumat verilmiş, bu kampaniya çərçivəsində bəyanat qəbul edilmiş və imza toplanmışdır.