“Posta ekonomi”: Azərbaycan türkiyəli investorlara misilsiz imkanlar təqdim edir
İstanbul, 18 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyənin nüfuzlu “Posta ekonomi” qəzeti Azərbaycanın təqdim etdiyi investisiya və biznes imkanları barədə geniş məqalə yayımlayıb. Yazıda ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələr ilə bağlı da ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad etdiyi ərazilərini “ağıllı və yaşıl” bir gələcəyə doğru apararkən, türkiyəli investorlara vergi azadlığından tutmuş aşağı faizli kreditlərə, dövlət tərəfdaşlığından sosial sığorta dəstəyinədək misilsiz imkanlar təqdim etdiyi vurğulanıb.
Yazıda Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin investisiya və iqtisadi təhlil bölməsinin müdiri Aqşin İbişsoy, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Sea Breeze” layihəsinin satış direktoru Ena Kameliya, eləcə də Azərbaycanda fəaliyyət göstərən türkiyəli şirkət rəhbərlərinin müsahibələrinə yer verilib. Mətndə Türkiyə şirkətlərinin ölkəmizdə biznes qurmaları, eləcə də təklif olunan imtiyazlardan istifadə imkanlarının əhəmiyyəti xüsusi qeyd edilib.
Bildirilib ki, Azərbaycan qeyri-neft sektorunda mühüm addımlar atır. Bu çərçivədə azad ticarət zonası, sənaye park və məhəllələri inşa edilib, bölgədə fabrik qurmaq istəyən hər bir sərmayədar üçün bütün imkanlar yaradılıb və Azərbaycanda 2020-ci ildə inşa edilən azad ticarət zonası investorlar üçün böyük imkanlar təqdim edir. Azərbaycanın bölgədəki 280 milyon əhaliyə sahib təxminən on ölkə ilə Sərbəst Ticarət Anlaşması olduğu bildirilən məqalədə investisiya üçün böyük imkanlar olması vurğulanıb.
Bundan əlavə, məqalədə qeyd edilir ki, bölgədə investorlar üçün doqquz sənaye parkı və dörd sənaye məhəlləsi də yaradılıb. Bunlardan ən böyüyü isə Bakıya yaxın bölgə olan, Sumqayıtda yerləşən Kimya Sənaye Parkıdır. Bütün atılan addımların əsas məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, bölgəmizin inkişafı, ölkəmizdə iş yerlərinin artması və neftdən asılılığı azaltmaqdır. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında bir neçə Türkiyə şirkəti sərmayədar qismində iştirak edir.
Yazıda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin rəhbərlərinin müsahibələrinə də geniş yer verilib. Onlar bildiriblər ki, xüsusilə son illər ərzində Azərbaycanın investorlara yanaşması dəyişərək daha çox təşviqedici siyasət izlənilib. Bununla bağlı bir çox islahatlar həyata keçirilib ki, bütün bunlar da Azərbaycanda daha etibarlı iş mühitinin yaranmasına səbəb olub. İnvestorlar müsahibələrində vergidən azad edilmənin məmnunluğunu ifadə ediblər.
Yazıda “Yeni bir böyük şəhər” sərlövhəsi ilə son illərin ən irimiqyaslı əmlak və sərmayə layihələrindən olan “Sea Breeze” barədə də geniş məlumat verilir.
Qeyd edək ki, məqalə qardaş ölkənin bir sıra nüfuzlu media qurumlarının əməkdaşlarının Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə səfəri əsasında hazırlanıb. Türkiyəli jurnalistlərin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə baş tutub.