Praqada “Xocalıya ədalət – Xocalıya işıq” aksiyası keçirilmişdir
Praqa, 27 fevral (AZƏRTAC). Fevralın 25-də Praqanın mərkəzi Sülh meydanında “Azər-Çex” Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə “Xocalıya ədalət - Xocalıya işıq” aksiyası keçirilmişdir.
Müqəddəs Lüdmila məbədinin qarşısında, açıq havada Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş fotosərgi təşkil edilmiş və çex dilində hazırlanmış mindən çox buklet və broşürlər paylanmışdır. Mərkəzi meydan olduğu üçün, yüzlərlə yerli vətəndaş və xarici turistlər faciə ilə maraqlanmışlar. Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, Ostrava şəhər muzeyinin rəhbəri David Mayer çıxış etmiş və tədbir iştirakçılarına faciə barədə ətraflı məlumat vermişlər.
“Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov Praqada Xocalı faciəsi ilə bağlı artıq 5 ildir ki keçirilən anım tədbirlərindən, Liditse ilə Xocalı faciələrinin oxşarlığından danışmışdır. Sonra iştirakçılar tərəfindən meydanda 1500-dən çox şamdan ibarət “XOCALI” sözü yazılmış və şamlar yandırılmışdır. Şəhər sakinlərinin də iştirak etdiyi bu tədbir “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında başa çatmışdır.
Keçirilmiş aksiyaya dair fotoşəkillər facebook-da yerləşdirilmişdir:http://www.facebook.com/media/set/?set=a.10150569497866485.376977.110500941484&type=1
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa