“PREZİDENT HEYDƏR ƏLİYEV” TANKERİNİN KAPİTANI SƏLİM CAMAYEVİN ÇIXIŞI
Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar!
Mən çox həyəcanlıyam. Keçirdiyim fərəh, qürur hissi çox böyükdür. Xalqımızın sevimli oğlu, qüdrətli şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan tankerin idarə olunması məhz mənə həvalə olunmuşdur. Bu, böyük etimad, böyük məsuliyyətdir.
“Prezident Heydər Əliyev” tankeri Xəzərdə ən möhtəşəm, müasir gəmidir. Adını daşıyacağı şəxsiyyətin əzəmətinə layiq gəmidir, milli donanmamızın flaqmanıdır. Təbii ki, belə bir gəmidə çalışmaq hər bir dənizçi üçün şərəflidir. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq, gəminin həmişə səmərəli işləməsini təmin edək.
Müstəqil respublikamızın qüdrətli dövlət olması ilə bağlı ümummilli liderimizin arzusunun reallaşması üçün möhkəm zəmin vardır. Bu, ilk növbədə, məhz Heydər Əliyevin sarsılmaz iradəsi, gərgin fəaliyyəti ilə həyata keçirilən nəhəng planlardan irəli gəlir.
Tankerimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bərpa olunmuş tarixi İpək yolunda, beynəlxalq yükdaşımalarda iştirak edərək, respublikamızın iqtisadiyyatının möhkəmlənməsinə xidmət göstərəcəkdir. Biz isə onun səmərəli işini təmin etmək, respublikamızın bayrağını şərəflə ucaltmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu işdə bizə örnək öz insani və şəxsi keyfiyyətləri ilə bütün dünyada tanınmış Heydər Əliyevin özü olacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.