PREZİDENT İLHAM ƏLİYEV MİNGƏÇEVİRDƏ “RİVER SİDE” MEHMANXANASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Mingəçevir, 3 mart (AZƏRTAC). Prezident İlham Əliyev martın 3-də Mingəçevirdə “River side” mehmanxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mehmanxana ilə tanış oldu.
Son illərdə ölkədə turizm sektorunun inkişafı sahəsində görülmüş işlərin daha bir nümunəsi olan 4 ulduzlu “River side” mehmanxanası şəhərin memarlıq ansamblına yaraşıq verir. Kürün sahilində yerləşən və ümumi sahəsi 7000 kvadratmetr olan beşmərtəbəli binada 30 otaq, 60 nəfərlik konfrans salonu, yay restoranı, 120 nəfərlik restoran, kafe-bar, idman salonu, trenajor və sair var. Turistlərdən ötrü 80 yerlik avtomobil dayanacağı da yaradılmışdır.
Beynəlxalq standartlara uyğun olan bu mehmanxana yüksək xidmət səviyyəsi ilə fərqlənir. Burada turistlərin vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmış, ovçuluq və balıqçılıq həvəskarlarının da marağı nəzərə alınmışdır.
Mehmanxanada müştərilərə 40 nəfərlik heyət xidmət göstərir.
Qonaqlara Azərbaycan və Avropa mətbəxinin nümunələri təklif olunur. Onlar Kürdə gəmi gəzintisinə də çıxa biləcəklər.
Ölkəmizdə turizm sektorunun inkişafının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev mehmanxanada yaradılmış şəraitdən razılığını bildirdi.
######
![]() |
![]() |

