RƏSMİ XRONİKA
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Aprelin 23-də Prezident sarayında Moldova Respublikasının Prezidenti Vladimir Voroninin rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Moldova Prezidenti Vladimir Voronini böyük hörmət və səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Vladimir Voronin fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Moldova Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Moldova Prezidenti Vladimir Voroninə, Moldova nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
######