Professor Kamran İmanov: Azərbaycan ərazisində heç vaxt Ermənistan dövləti olmayıb
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan ərazisində heç vaxt Ermənistan dövləti olmayıb. Erməni siyasətinin əsas dəstxəti mifologiyadır. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov söyləyib. O bildirib ki, Əqli Mülkiyyət Agentliyi “Heydər Əliyev İli” çərçivəsində 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans keçirir.
Tədbirin əsas məqsədi daim davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsinə və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.