Puşpa Patak: Kəndlərin iqtisadi vəziyyəti dayanıqlı şəhər əlaqələrindən asılıdır
Bakı, 22 may, AZƏRTAC
“Centre for Policy Research” mərkəzinin baş elmi əməkdaşı Puşpa Patak WUF13 çərçivəsində keçirilən “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” panel iclasındakı çıxışını Hindistanın kiçik şəhərlərinin aqrar ərazilər üçün əhəmiyyətinə həsr edib.
AZƏRTAC xəbər verir ki, ekspert kiçik şəhər mərkəzlərinin kənd təsərrüfatı məhsullarının paylanmasında və emal sənayesinin inkişafında mühüm rol oynadığını qeyd edib. O əlavə edib ki, kənd sakinləri məhz belə şəhərlər vasitəsilə bazarlara, maliyyə xidmətlərinə və kənd təsərrüfatı sektorundan kənarda məşğulluq imkanlarına çıxış əldə edirlər. Patak kəndlər və kiçik şəhərlər arasında nəqliyyat və iqtisadi infrastrukturun gücləndirilməsinin regional bərabərsizliyin azaldılmasına kömək etdiyini vurğulayıb. O, həmçinin yerli iqtisadi sistemlərə və dayanıqlı ərazi planlaşdırmasına uzunmüddətli dövlət dəstəyinin vacibliyini diqqətə çatdırıb.
Müxbir - Vüqar Seyidov