“Qadınların iqtisadi azadlığının təşviqi” layihəsinə yekun vurulub
Bakı, 29 iyul, AZƏRTAC
“Qadınların iqtisadi azadlığının təşviqi” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyi tərəfindən icra edilib.
Son təlim Lənkəran şəhərində keçirilib. Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat verib. O bildirib ki, layihə Cənub regionunun 5 rayonunu əhatə edib. Belə ki, ilk tədbir Masallı rayonunda olduqdan sonra Astara, Cəlilabad və Biləsuvar rayonlarında da eyni formatda təşkil edilib. Layihədən ümumilikdə 120-dən çox şəxs faydalanıb. Onların 80 faizindən çoxu qadınlar olub.
Layihənin təlimçisi Samir Salayev tərəfindən Azərbaycanda qadınların iqtisadi azadlığı, qadınlar üçün həyata keçirilən proqram və layihələr, qadınların işgüzar həyatda rolu və digər bu kimi mövzular iştirakçıların diqqətinə çatdırılıb.
Təlimdə fikir mübadiləsi aparılıb, müxtəlif komanda işləri həyata keçirilib və təkliflər dinlənilib.
Sonda təlim iştirakçılarına sertifikat təqdim olunub.