Qala qəsəbəsində 200 metr uzunluğunda rabitə kabelini oğurlayan şəxs yaxalanıb VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Xəzər rayonunun Qala qəsəbəsində 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli naməlum şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzdən verilən məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum edilmiş Qala qəsəbə sakini Vasif Ağayev saxlanılıb. O, ifadəsində törətdiyi oğurluğu etiraf edib.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Vasif Ağayevin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.