Qarabağ “DOST Evi”nin benefisiarları “Əsgərə məktub” təşəbbüsünə qoşulublar
Bakı, 25 iyun, AZƏRTAC
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialında “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə Regional “ASAN xidmət” Mərkəzi ilə birgə təşkil olunan layihə çərçivəsində filialın benefisiarları tarixi Zəfər qazanmış qalib Ordumuzla bağlı qürur və minnətdarlıq hisslərini yazdıqları məktublarda ifadə ediblər.
Məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, inklüzivliyin təmin olunması və xidmətdə olan əsgərlərə mənəvi dəstək nümayiş etdirməkdir.
Məktublar xüsusi qutulara yerləşdirilərək, ASAN könüllüləri və əməkdaşları vasitəsilə ön cəbhədə xidmət edən hərbçilərə çatdırılacaq.