Qarabağa investisiyaların cəlbi AIREX 2026 sərgisində müzakirə olunacaq VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fondunun fəaliyyətində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, eyni zamanda, görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirmək əsas istiqamətlərdir.
AZƏRTAC xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi AIREX 2026 ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Şöbə müdiri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi yalnız fiziki layihələrlə məhdudlaşmır, eyni zamanda, həmin torpaqların mədəni və ictimai həyatının bərpasını da əhatə edir.
“Bu gün Qarabağda həyat yenidən canlanır, şəhər və kəndlərimiz yenidən qurulur, elm, təhsil, mədəniyyət və sosial sahələrdə böyük layihələr həyata keçirilir. Qarabağ Dirçəliş Fondu olaraq işğaldan azad edilmiş ərazilərin dirçəlişi prosesində yaxından iştirak etməkdən qürur duyuruq və bundan sonra da bu işə öz töhfəmizi verməyə davam edəcəyik. AIREX-in müxtəlif ölkələrdən biznes nümayəndələrini, investorları, mütəxəssisləri bir araya gətirdiyini nəzərə alaraq bu platforma bizim üçün olduqca maraqlıdır. Məhz belə tədbirlər Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha geniş auditoriyaya çatdırılması, bu prosesə marağın artırılması, mümkün əməkdaşlıqların müzakirəsi baxımından əhəmiyyətli rol oynayır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı layihələr və yaradılan əlverişli biznes mühiti sahibkarlar üçün geniş imkanlar açır. Bu sərgi görülən işləri təqdim etməklə yanaşı, yeni sosial, mədəni və ekoloji əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi üçün də əlverişli şərait yaradacaq və Qarabağın dayanıqlı inkişafı naminə faydalı fikir mübadiləsi və yeni tərəfdaşlıqlar üçün məhsuldar bir məkana çevriləcək”, - deyə Pərvin Bağırova vurğulayıb.
Şöbə müdiri sərginin gələcəkdə də səmərəli əməkdaşlıq platforması kimi fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, Qarabağda hazırda həyata keçirilən bərpa-quruculuq layihələri gələcəkdə regionun inkişafının və əldə olunan nəticələrin təqdim olunmasına imkan yaradacaq: “Şəhərsalma və dayanıqlı inkişaf kimi qlobal prioritetlərin AIREX sərgisinin proqramında yer alması tədbirin miqyasını və strateji əhəmiyyətini daha da artırır”.