“Qarabağ”ın futbolçusu: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”
Bakı, 22 avqust, AZƏRTAC
“Olimpiya” komandası ilə oyunlarda hələlik şanslar bərabərdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” komandasının aparıcı müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının III təsnifat mərhələsində Sloveniyada “Olimpiya” ilə keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.
26 yaşlı futbolçu yaxşı rəqibə qarşı mübarizə aparacaqlarını bildirib: “Cütün qalibi olmaq, mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.
Finlandiya HİK komandasına qarşı matçda (2:1) sağ ayağının baş barmağından zədə alan oyunçu durumunun yaxşı olduğunu söyləyib: “Əvvəldən o nahiyədə yüngül zədə var idi. Lakin hazırda hər şey qaydasındadır. Artıq komanda ilə məşqlərə qoşulmuşam. Oyun gününə qədər tam hazır olacağam. Diqqətimi “Olimpiya” ilə qarşıdakı görüşə yönəltmişəm”.
Mustafazadə Azərbaycan Premyer Liqasının III turunda “Araz-Naxçıvan”ı çətinliklə məğlub etdikləri qarşılaşma (2:1) barədə də fikirlərini bölüşüb: “Qələbələr asan şəkildə qazanılmır. Bu oyun da onlardan biri idi. Bundan əlavə, bəlkə də uzun yoldan gəlməyimizin də bunda rolu oldu. Amma önəmli olan 3 xalı qazanmaq idi və biz bunu bacardıq”.
Azərbaycan millisinin üzvü AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Bakıda Belçika yığmasına qarşı keçirəcəkləri oyundan söz açıb: “Rəqib barədə əlavə söz deməyə ehtiyac yoxdur. Ən yaxşı millilərdən biri ilə qarşılaşacağıq. Təbii ki, çətin oyun olacaq. Amma yaxşı nəticə ilə azarkeşlərimizi sevindirməyə çalışacağıq”.