“Qarabağın incisi – Şuşa” kitab-albomu və “Azadlıq” romanı Bosniya və Herseqovinada təqdim olunub
Sarayevo, 18 iyul, AZƏRTAC
Ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində hazırlanaraq boşnak dilində nəşr edilmiş “Qarabağın incisi – Şuşa” kitab-albomu, habelə xalq yazıçısı Afaq Məsudun ingilis dilinə tərcümə olunmuş “Azadlıq” romanı Bosniya və Herseqovinada geniş auditoriyanın diqqətinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr edilən “Qarabağın incisi – Şuşa” kitab-albomu və Afaq Məsudun 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsindən bəhs edən “Azadlıq” romanı səfirlik tərəfindən Bosniya və Herseqovinanın dövlət və hökumət başçılarının, parlament üzvlərinin, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin, universitet professorlarının, qəzet və jurnal rəhbərlərinin, eləcə də Sarayevo şəhərində yerləşən diplomatik missiya rəhbərlərinin yer aldığı 100-dək yüksək səviyyəli və nüfuzlu şəxsə göndərilib.
Bununla bağlı səfirliyə təşəkkür və xoş rəyləri ehtiva edən çoxsaylı məktublar daxil olub. Təşəkkürlərini bildirən şəxslər bu kitabların ölkəmizin tarixinin öyrənilməsi üçün böyük fürsət yaratdığını və onlardan daha çox insanların yararlanması üçün kitabxana kolleksiyalarına əlavə edəcəklərini vurğulayıblar.
Kitablarla məmnuniyyətlə tanış olduğunu bildirən Bosniya və Herseqovinanın İslam İcmasının rəhbəri Reisul-üləma Hüseyn Kavazoviç yazıb: “Biz soyqırımına məruz qalmış bir xalq olaraq qardaş Azərbaycanda baş vermiş hadisələr və qurbanların xatirələrinin daim diqqət mərkəzində saxlanılması ilə bağlı görülən bütün səylərə dair xüsusi anlayışa sahibik. Bosniya və Herseqovina xalqı, eləcə də İslam İcması uzunmüddətli əməkdaşlıq və həmrəyliyə görə Azərbaycana minnətdarlıq ifadə edir”.
Bosniya və Herseqovina Parlamentinin Nümayəndələr Palatasının üzvü Nihad Ömeroviçin göndərdiyi təşəkkür məktubunda isə bu kitabların ölkəsində nəşrində səfirliyin göstərdiyi səylər yüksək qiymətləndirilib, onların Azərbaycanın zəngin tarixi və mədəniyyəti, xalqımızın azadlıq və istiqlal mübarizəsi haqqında dəyərli məlumatlar əldə edilməsinə töhfə verəcəyi qeyd olunub.
Səfirliyimiz tərəfindən ölkəmizi, tarix və mədəniyyətimizi daha yaxşı tanıtmaq məqsədilə gələcəkdə də bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo