Qardabani rayonundakı iki kənd məktəbində Ulu Öndərə həsr olunmuş dərslər keçirilib
Tbilisi, 3 may, AZƏRTAC
Gürcüstandakı Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Kvemo Kartli bölgəsindəki azərbaycandilli məktəblərdə keçirilən silsilə maarifləndirici tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti maarifləndirici dərslər mayın 3-də Qardabani rayonunun Kalinino və Aşağı Kəpənəkçi kənd ictimai məktəblərində keçirilib. Kalinino məktəbində “Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərində rolu” mövzusuna həsr olunmuş dərsdə şair və müəllim Növrəstə Məhərrəmqızı Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında rolundan danışıb.
Azərbaycan səfirliyinin məsul əməkdaşı Sənan Baxşıyev çıxış edərək Ulu Öndərin Gürcüstana rəsmi səfərlərinin tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ açmaqla yanaşı, əlaqələrimizin yeni müstəvidə inkişafının əsasını qoyub.
Aşağı Kəpənəkçi kəndində keçirilən maarıfləndirici dərsdə Ulu Öndərin 100 illik yubileyi barədə ətraflı məlumat verilib. Məktəbin müəllimi Nəsib Nəsibov bu cür dərslərin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, bu cür tədbirlər Ümummilli Liderin xidmətləri barədə gənc nəslin məlumatlandırılmasında mühüm rol oynayır. Qeyd edilib ki, məktəbin müəllim və şagirdləri Rustavi şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
S.Baxşıyev Ulu Öndər Heydər Əliyevin uşaqlara, gənc nəslə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. Bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi