Qaxda şəhidlərin xatirəsi anılıb
Qax, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qax şəhərindəki Şəhidlər xiyabanında anım tədbiri keçirilib.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Anım mərasiminin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda başlanan savaşda Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. İcra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.
Tədbirdə şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, müharibə iştirakçısı, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, şəhid Fərid Dursunovun həyat yoldaşı Məryəm Dursunova, YAP Qax rayon təşkilatının sədri, şəhid qardaşı Natiq Allahverdiyev çıxış edərək, Vətən uğrunda canlarından keçən igid oğulların hər zaman hörmət və ehtirama layiq olduqlarını, onların ruhu qarşısında baş əydiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını bildiriblər.
Anım tədbiri ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Həmin gün şəhərin park və xiyabanlarında şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ölkənin hər yerində olduğu kimi, Qax rayonunda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.