CƏMİYYƏT
Qazax rayonundan bir qrup fəal gənc Milli Məclisdə olub
![](/files/galleryphoto/2023/3/1200x630/17029103851602044790_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029103853731561070_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029103852507145127_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029103852473232734_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029103856373417647_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029103856137333417_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 18-də Qazax rayonunun bir qrup fəal gənci ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC bildiriblər ki, bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirlərinin keçirildiyini qeyd edən Milli Məclis sədrinin müavini Adil Əliyev Azərbaycanın indiki nailiyyətlərinin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını vurğulayıb. O, gənclərin diqqətinə çatdırıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndərin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub.
Ümummilli Liderin gənclər siyasətinin bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və zamanın tələblərinə uyğun inkişaf etdirildiyini vurğulayan Adil Əliyev milli-mənəvi dəyərlərimizə bağlı yetişmiş gəncliyimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətlərdən söz açıb.
Adil Əliyev gənclərin elmli, təhsilli, layiqli vətəndaş kimi formalaşmasının çox önəmli məsələ olduğunu bildirib.
Görüş gənclərin suallarının cavablandırılması və onları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.
Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Ülviyyə Ağayeva Qazax rayonundan olan fəal gənclərlə görüşüblər.
Gənclərin parlamentlə tanışlığının bir ənənəyə çevrildiyini diqqətə çatdıran H.Hüseynova ölkəmizdə qadın və gənclər siyasəti, qadınların cəmiyyət həyatının müxtəlif sahələrində iştirakçılığının artırılması, təhsilin vacibliyi, ailə institutunun qorunması, erkən nikahların qarşısının alınması barədə fikirlərini bölüşüb.
Səməd Seyidov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən danışıb.
Deputat Ülviyyə Ağayeva gənclərin Qazax rayonunun ictimai həyatında rolu, gördükləri işlər, onların Vətən sevgisi və fədakarlığı barədə fikirlərini bölüşüb.
Deputatlar gənclərin qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər.
Tədbirin sonunda deputatlar gəncləri maraqlandıran sualları cavablandırıblar.
Görüşlərdən sonra gənclər Milli Məclisin İnzibati binası ilə tanış olublar.