COP29
Qazaxıstan Bakıda keçirilən sammitdə yaşıl enerjiyə böyük investisiyalar cəlb edib
Astana, 13 noyabr, AZƏRTAC
Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev yaşıl enerjinin inkişafı sahəsində əməkdaşlıq haqqında bir sıra mühüm sənədlər imzalayıb.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, imzalanan sənədlər arasında Çin Xalq Respublikası hökuməti ilə bərpaolunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi haqqında Saziş də yer alıb. Bu layihələr üzrə investisiyalar 2 milyard dollardan çox təşkil edəcək.
Bundan əlavə, “Abu Dhabi Future Energy Company PJSC (Masdar)” ilə Qazaxıstanın Jambıl vilayətində külək enerjisi layihəsinə sərmayə qoyulması haqqında müqavilə imzalanıb. Bu layihəyə nəzərdə tutulan investisiya 1,5 milyard dollar olacaq.
Energetika naziri, həmçinin Qazaxıstanın Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) arasında anlaşma Memorandumu imzalayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana