QAZAXISTAN DAŞIYICI RAKETİN QƏZAYA UĞRAMASININ EKOLOJİ NƏTİCƏLƏRİNDƏN EHTİYATLANIR
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirmişdir ki, raketin partlaması nəticəsində əmələ gələn çuxurda bir litrdə 1000 milliqram həcmində heptil olduğu qeydə alınmışdır. Beləliklə, qəza yerində həmin maddənin konsentrasiyası yol verilən konsentrasiyadan min dəfə artıqdır. Qazaxıstan ekoloqları həyəcan təbili vururlar ki, “Dnepr” raketinin qəzasının çox ciddi ekoloji nəticələri ola bilər, çünki heptil çox zəhərli maddələrdəndir.
Xatırladaq ki, 18 kosmik aparat yüklənmiş “Dnepr” daşıyıcı raketi iyulun 27-də gecə Baykonur kosmodromundan buraxılmış, lakin çox tezliklə trayektoriyadan çıxaraq, Qazaxıstan ərazisinə düşmüşdür. Fövqəladə hadisə birinci pillə mühərriyinin startdan 86 saniyə (digər məlumata görə, 74 saniyə) sonra sıradan çıxması ilə əlaqədar baş vermişdir. Məhv olmuş peyklər arasında Belarusun ilk “BelKa”, Rusiyanın “Baumanets” tələbə raketləri və daha bir neçə xarici aparat vardı.
Qazaxıstan hökuməti qəzanın nəticələrini öyrənmək üçün xüsusi komissiya yaratmışdır. Hökumət ehtiyat tədbirləri də görmüşdür.