CƏMİYYƏT
Qazaxıstan MDB ölkələrinin dövlət başçılarının bəyanatlarını BMT-nin üzvləri arasında yayıb
Bakı, 11 yanvar, AZƏRTAC
Qazaxıstan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyi MDB ölkələrinin dövlət başçılarının mədəniyyət və iqlim sahəsində əməkdaşlıq haqqında bəyanatlarını BMT-nin üzvləri arasında yayıb.
AZƏRTAC MDB İcraiyyə Komitəsinə istinadla xəbər verir ki, bu sənədlər MDB ölkələrinin dövlət başçılarının 2022-ci il oktyabrın 14-də Astana şəhərində keçirilmiş iclasında imzalanıb.
Mədəniyyət sahəsində əməkdaşlıq haqqında bəyanatda qeyd edilir ki, bu cür qarşılıqlı fəaliyyət MDB üzvü olan ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması və möhkəmləndirilməsi üçün əsasdır.
İqlim sahəsində əməkdaşlıq haqqında bəyanatda MDB üzvü olan ölkələrin qlobal iqlim gündəliyinin reallaşdırılmasına konstruktiv töhfə vermək niyyəti təsdiqlənir. Sənəddə etiraf edilir ki, iqlim dəyişmələri dünyada ən mühüm problemlərdən biridir və bu problemin həlli beynəlxalq birliyin bütün üzvlərinin uzlaşdırılmış fəaliyyətini tələb edir. Birlik ölkələrinin hazırda qüvvədə olan beynəlxalq öhdəliklərə sadiq olması, iqlim siyasətinə tarazlaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış yanaşmanın zəruriliyi vurğulanır.
Qlobal iqlimlə bağlı gündəlikdə duran aktual məsələlərin həllində MDB-nin rolunu artırmaq məqsədilə Birlik üzvü olan bütün ölkələrin maraqları nəzərə alınmaqla iqlim sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək niyyəti bəyan edilir. Sənəddə enerjiyə qənaət və enerji effektivliyinin artırılması, milli yanacaq-energetika komplekslərinin modernləşdirilməsi, qabaqcıl texnologiyaların, rəqəmsal platformaların tətbiqi, aşağı karbonlu, o cümlədən bərpaolunan və alternativ enerji mənbələrindən istifadə edilməsi sahəsində əməkdaşlığı inkişaf etdirməyin zəruriliyi vurğulanır.