QAZAXISTAN VƏ AZƏRBAYCANIN GƏNCLƏR SİYASƏTİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 10 sentyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayev Qazaxıstanın Təhsil və Elm Nazirliyinin tərbiyə işləri və gənclər siyasəti departamentinin rəhbəri Yerlan Aukenov rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlikdən bildirilmişdir ki, tədbirdə İ.Babayev qonaqlara ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, artıq 15 yaşını qeyd etmiş nazirliyin fəaliyyəti müddətində uşaq və gənclər sahəsində 20-dən artıq normativ sənəd qəbul edilmiş, gənclər təşkilatları ilə sıx əlaqələr qurulmuş, müxtəlif sahələrdə gəncləri maraqlandıra biləcək layihələr həyata keçirilmişdir.
Nazir müavini vurğulamışdır ki, son bir neçə ildə gənclər təşkilatlarının 90-dan artıq layihələri dövlət hesabına maliyyələşmişdir ki, onların da icrasına 250 min manatdan çox vəsait xərclənmişdir.
Natiq 1996-cı ildə Bakıda Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalanmış sənədə əsasən bir çox layihələrin həyata keçirildiyini, Azərbaycan və Qazaxıstan gənclərinin daim sıx əlaqədə olduğunu və hər iki ölkənin gənclərinin tədbirlərdə fəal iştirakından danışmışdır.
Yerlan Aukenov bu gün Azərbaycanda gənclər siyasətinin çox böyük uğurla aparıldığını qeyd etmiş, ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini diqqətə çatdırmışdır.
Hər sahədə olduğu kimi, gənclər sahəsində də Qazaxıstanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən qonaq, Qazaxıstanda gənclərin xaricdə təhsili ilə bağlı görülən işlər, gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat vermişdir.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Gənclər Təşkilatlarının Milli Şurasında, “İrəli” İctimai Birliyində, Azərbaycan Dillər Universitetində görüşlər keçirəcəklər.