CƏMİYYƏT
Qazaxıstanın “Tynda.Music” orkestri Heydər Əliyev Sarayında konsert verib




Bakı, 3 iyun, AZƏRTAC
Qazaxıstanın tanınmış “Tynda.Music” orkestri Bakıda ilk dəfə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Bakıdakı konsert proqramında orkestr məşhur italyan bəstəkarı və pianoçusu Lüdoviko Eynaudinin "Su yolları", "Andare", "Qızılgül", "Uçmaq", "Una Mattina", "Gecə kitabı", "Gecə", "Divenire", "Primavera", "Nuvolé bianche" və s. əsərləri ifa olunub. Konsertə dəvət alan “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvləri orkestrin rəhbərliyinə minnətdarlıqlarını bildirib, əlilliyi olan və digər imtiyazlı şəxsləri konsertə dəvət etdiyinə görə orkestrin bədii rəhbəri və dirijoru Aydos Mendaliyevə və həyat yoldaşı Aygerim xanıma təşəkkürnamə təqdim ediblər.
Qazax dilindən tərcümədə “musiqi dinlə” mənasını verən “Tynda.Music” orkestri keçən il Almatıda istedadlı prodüser, həm də orkestrin bədii rəhbəri və dirijoru Aydos Mendaliyev tərəfindən yaradılıb. Aydos Mendaliyev həyat yoldaşı Aygerimlə birgə orkestrin qastrol səfərlərini təşkil edir. Konsert proqramlarından asılı olaraq orkestrin tərkibində 7-dən 150-dək istedadlı musiqiçi iştirak edir. Ötən ildən bəri "Tynda.Music" 150 konsert proqramı ilə çıxış edib.