REGİONLAR
Qəbələdə Elmira Axundovanın “Heydər Əliyev:Şəxsiyyət və zaman” çoxcildli kitablarının təqdimatı
Qəbələ rayonunda yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzində keçirilən tədbirdə idarənin şəxsi heyəti, eləcə də rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, tanınmış yazıçı-publisist Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” roman-tədqiqatını uzun illər topladığı materiallar və faktlar əsasında yazıb. Müəllif yeri gəldikcə ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik dostlarının, qohumları və yaxınlarının söhbətlərindən, tanınmış siyasi xadimlər və dövlət adamlarının müsahibələrindən, DTK arxivində, Prezidentin şəxsi arxivində saxlanılan materiallardan ustalıqla istifadə edib.
Tədbirdə qeyd edilib ki, Ümummilli Lider haqqında indiyədək çox kitablar yazılıb, lakin Elmira Axundovanın kitablarında tarixi faktlar, həmin dövrün canlı şahidlərinin dedikləri toplanıb. Bu da həmin əsərləri əvəzsiz tarixi mənbəyə çevirir. Bu əsərlərin bundan sonra Heydər Əliyev barədə yazılacaq kitablar, çəkiləcək filmlər üçün dəqiq mənbə olacağı vurğulanıb. Qeyd edilib ki, Ulu Öndərlə bağlı nə qədər kitablar yazılsa da azdır və onun şəxsiyyəti zaman-zaman öyrəniləcək. İnsanlar zaman keçdikcə Heydər Əliyevin Azərbaycan üçün etdiklərini, onun ideyalarının əhəmiyyətini daha yaxşı dərk edəcəklər.
Natiqlər Ulu Öndərin ideyalarının Azərbaycan üçün önəmli olduğunu və bu ideyaların indi də ölkəmizin inkişafına, xalqımızın rifah halının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıblar.
Çıxışlarda vurğulanıb ki, bu kitabların dəyəri həm də ondan ibarətdir ki, müəllifin ötən illər ərzində müsahibələr aldığı insanların bəziləri artıq həyatda yoxdur. Artıq həmin insanlardan bu faktları toplamaq mümkün deyil və Elmira Axundova bunu etməklə o insanların dediklərini tarixə salıb.
Natiqlər bu kitabların Heydər Əliyevin şəxsiyyət kimi özəlliklərini açıb göstərdiyini söyləyiblər və bunları yazdığına görə Elmira Axundovaya təşəkkür ediblər.