İDMAN
“Qəbələ”nin U-19 komandasının baş məşqçisi: Avrokubok matçları oyun təcrübəmizə bilavasitə təsir edir

Bakı, 27 sentyabr, AZƏRTAC
Gündə bir dəfə olmaqla məşqlərimiz davam edir. Hazırda heyətimizdə olan oyunçuların 80 faizi əvəzedici komandada da oynayır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi Famil Xəlilov oktyabrın 4-də UEFA Gənclər Liqasının I turunda Macarıstanın “Puşkaş Akademiyası”na qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
40 yaşlı mütəxəssis əsas hazırlığı oyunlar üzərində qurduqlarını bildirib: “Hətta dünən “Qarabağ”ın U-19 komandası ilə qarşılaşdıq. Gələn tur “Neftçi” ilə, sentyabrın 30-da isə “Kəpəz” komandası ilə oynayacağıq. Həmin matçlarda artıq UEFA Gənclər Liqasındakı rəqibimizə qarşı necə oyun sərgiləyəcəyimizi müəyyənləşdirəcəyik. Belə görüşlər futbolçularımızın oyun təcrübəsinə bilavasitə təsir edir. Çalışırıq ki, oyunçularımız zədələnməsinlər”.
O, Macarıstan təmsilçisinin kifayət qədər güclü futbolçulardan təşkil olunduğunu vurğulayıb: “Fiziki cəhətdən güclü komandadır. Orta boy göstəricisinə görə bizdən üstündürlər. Oyunçuların əksəriyyətinin boyu 190 santimetrdən çoxdur. Bu səbəbdən matç zamanı top havada nə qədər çox qalsa, mübarizəmiz çətinləşəcək. Ona görə də çalışmalıyıq ki, oyunu yerdən quraq. Bizim də texnikalı və keyfiyyətli oyunçularımız var. Komandamızda sürətli futbolçular çoxluq təşkil edirlər. Düzgün oynasaq, qələbə qazana bilərik. Şanslar bərabərdir. Potensial rəqiblərimizi dəyərləndirsək, püşkdə ən uyğun komanda ilə düşdüyümüzü deyə bilərəm”.
Qeyd edək ki, “Qəbələ” “Puşkaş Akademiyası”na qarşı ilk oyununu oktyabrın 4-də evdə, cavab matçını isə oktyabrın 24-də səfərdə keçirəcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.