Qələbə: Qüdrətli Azərbaycan öz şərtlərini Ermənistana qeyd-şərtsiz qəbul etdirdi
Bakı, 10 noyabr, AZƏRTAC
10 noyabr ölkəmizdə Qələbə günü kimi yaddaşlara həkk olundu. 44 gün ərzində Azərbaycan Ermənistana öz gücün göstərdi. Bütün bunların fövqündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün siyasi strategiyası dayanır. Bu gün ölkəmiz özünün iqtisadi gücü ilə dünyada söz sahibinə çevrilib. Dövlətimizin başçısının dediyi kimi, əgər iqtisadi gücümüz olmasaydı, belə qələbələri əldə edə bilməzdik. Bəli, bu, tarixi gündür. Bu qələbə Azərbaycan Prezidenti və Azərbaycan Ordusunun qələbəsidir. Bu qələbəyə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.
“Bu günədək hamımızın ruhu Qarabağda dolaşırdı. Eşitdiyimiz istənilən pis və ya yaxşı xəbərləri qulaqlarımızda daim səslənən əsirlikdə çırpınan Qarabağın iniltiləri içərisindən eşidirdik. Bu gündən etibarən hər birimizin taleyində sanki yeni səhifə açılır. Qələbə müjdəsinin gözlərimizi yaşartdığı, Qələbə qürurunun başımızı ucaltdığı, xoşbəxtlik hisslərimizin sinəmizə sığmadığı bir günlə başlayan Yeni həyat... Əlbəttə, bütün bunlara görə, ölkəmlə fəxr edirəm. Yaşasın Azərbaycan. Qələbə bizə çox yaraşır”, - deyə V.İsayev söyləyib.
Müsahibimiz vurğulayıb ki, dünya hərb tarixində ağır itkilərə məruz qalmış tərəf məğlub hesab olunur və hərbi əməliyyatlar dayandırılır. Bu dəfə qüdrətli Azərbaycan Ermənistana öz şərtlərini qeyd-şərtsiz qəbul etdirdi: “Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və biz qələbə qazandıq. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Qarabağ Azərbaycandır!”