QEYDƏ ALINMIŞ DƏRMAN PREPARATLARINDAN HEYVANLARIN TƏLƏF OLMASI FAKTI MÜŞAHİDƏ OLUNMAMIŞDIR
Bakı, 28 avqust (AZƏRTAC). Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, bir sıra informasiya orqanlarında qurumun ölkəyə keyfiyyətsiz preparatlar gətirməsi və heyvanlarda yayılan öldürücü xəstəliklərin məhz bunun nəticəsində baş verməsi barədə yayılmış məlumatın heç bir əsası yoxdur.
Hazırda respublikaya heyvandarlıqda istifadə edilən müxtəlif ölkələrdən dərman preparatları gətirilir. Bu preparatlar özəl firmalar tərəfindən dövlət qeydiyyatından keçirildikdən sonra onun ixracına icazə verilir. Bundan sonra bütün preparatlar ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən gətirilərək baytarlıq aptekləri vasitəsilə satılır. Əksər quşçuluq təsərrüfatları isə bilavasitə Avropa standartlarına cavab verən istehsalçı biofabriklərlə qeydiyyatda olan qərman preparatlarını müqavilə əsasında istifadə üçün gətirirlər. Qeyd edək ki, bu gün heyvanlar arasında tələfat 0,2, quşlar arasında isə 2-3 faiz təşkil edir. Bu tələfata isə əksər hallarda sahibkarın heyvanları düzgün yemləmə, bəsləmə qaydalarına riayət etməmələri, təsərrüfatsızlıq və baytarlıq-sanitariya tələblərini pozmaları səbəb olur. Buna baxmayaraq, heyvandarlığın inkişafında bunlar çox yüksək göstərici hesab olunur.
Xatırladaq ki, qeydiyyata alınmış preparatlar ölkəmizə gətirildikdən sonra Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu tərəfindən müayinədən keçirilir, sənədləri və təsiredici maddələri lazımi tələblərə cavab verərsə, onun satışına icazə verilir. Odur ki, yayılan məlumatların heç bir əsası yoxdur və bəzi kütləvi informasiya vasitələrində verilənlər həqiqətdən uzaqdır. Heyvanların qeydiyyatdan keçən preparatların təsiri ilə tələf olması halları müşahidə olunmamışdır.
Ölkəmizdə epizootik vəziyyət sabitdir və Dövlət Baytarlıq Xidməti bu sabitliyin davamlı olması üçün səylərini əsirgəmir.