Qırğızıstanla Türkiyə arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Bişkek, 10 mart, АZƏRTAC
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev bu ölkədə səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qəbul edib.
AZƏRTAC Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Ruslan Kazakbayev bildirib ki, Qırğızıstanla Türkiyə qardaş ölkələrdir, onların ümumi tarixi və dili var. Bu iki dövlət arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq davamlı olaraq inkişaf edir.
Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan R.Kazakbayev ölkələr arasında heç bir fikir ayrılığının olmadığını diqqətə çatdırıb, pandemiya dövründə göstərdiyi köməyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib.
Öz növbəsində Mövlud Çavuşoğlu deyib ki, Türkiyə və Qırğızıstan, sözün əsl mənasında, qardaş ölkələrdir. “Köklərimiz birdir, bizi ümumi tarix, dil və din birləşdirir. Biz siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün hər şeyi edirik. Strateji əməkdaşlığın genişləndirilməsi üçün möhkəm baza yaradılıb”, - deyə Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.
Görüşdə Qırğızıstanla Türkiyə arasında yüksəksəviyyəli əməkdaşlıq üzrə Zirvə görüşünə hazırlıq məsələləri də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek