QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 29-da Azərbaycan Respublikası Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski və İmre Palatinus yerinə yetirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindəki təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşik, onun səhra köməkçiləri Harri Eronen, Piter Ki və Jiri Aberle icra edəcəklər.