REGİONLAR
Quba-Xaçmaz zonasındakı çaylarda yerləşən karxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb VİDEO
Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aparılan monitorinqlər nəticəsində Quba-Xaçmaz zonasında Qudyalçay, Qaraçay, Vəlvələçay və Çağacuq çaylarındakı 10 qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşdiyi, sahillərin isə genişləndiyi məlum olub.
Bu çaylardakı karxana fəaliyyəti ümumilikdə regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərir. Belə ki, qidalanması bu çaylar hesabına olan yeraltı sular, hazırda əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv istismar fəaliyyəti regionda su ehtiyatlarının tükənməsinə yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurub.
Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, keçirilən monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını göstərir. Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov bildirib ki, hasilat işləri aparmaq üçün icazəsi olan istismarçılardan ETSN tərəfindən müəyyən edilən dərinlikdə, onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin qanunamüvafiq qaydada aparılması tələb olunur.
Agentliyin mütəxəssisləri bildiriblər ki, bütün dünyada beynəlxalq səviyyədə su qıtlığı ilə mübarizə aparıldığı halda, su ehtiyatlarına xüsusi yanaşma tələb olunur. Agentlik tərəfindən istismarçılarla təşkil olunan görüşlərdə ətraf mühitə vurulan ziyanın miqyası müzakirə edilir.
Bildirilib ki, qazıntı işləri aparmaq üçün icazəsi olan istismarçı geoloji uçotun aparılması üçün fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.