Qüdrətli ordumuz Azərbaycan tarixinin şanlı səhifələrini yazır
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatı keçirən şanlı Azərbaycan Ordusu işğalçılara növbəti dəfə dərs verir. Bu gün xalqımız tam əmindir ki, Azərbaycan tarixinin şanlı səhifəsini yazan ordumuz işğal altındakı torpaqlarımızı erməni qəsbkarlarından tamamilə təmizləyəcək, üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Şuşada və Laçında dalğalandıracaq.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində ixtisasca tarix müəllimi olan Naxçıvan şəhər sakini Əli Novruzov deyib.
Ermənilərin Azərbaycan ərazilərinə sonradan köçürüldüklərini vurğulayan Əli Novruzov bildirib ki, bu, Gülüstan və Türkmənçay sülh müqavilələri bağlanıldıqdan sonra baş verib. Ondan sonra 130 mindən çox erməni Naxçıvan, Dağlıq Qarabağ və Borçalı mahalına köçürülüb. Boş xülyalarla yaşayan ermənilərin artıq dənizdən-dənizə torpaq iddiaları irəli sürməsi, necə deyərlər, onların boylarını aşan məsələdir. Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəlindən erməni qəsbkarlarının açıq-aşkar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlarına hücumlar etməyə başlaması, dinc əhaliyə divan tutması isə Ermənistanın vandal niyyətini bir daha ortaya qoydu.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxarılmalısına dair qəbul etdiyi dörd qətnaməni heçə sayan ermənilər nəinki atəşkəsə əməl etmir, hətta təmas xəttində yeni təxribatlar törədir, dinc əhaliyə qarşi silahlı hücumlar təşkil edirdi. Bu isə cavabsız qalmamalı idi.
“Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı yeni təxribata əl atdı. Erməni qəsbkarlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamağa məcbur oldu və onlara layiqli cavab verdi”, - deyən Əli Novruzov vurğulayıb ki, ordumuz qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələri ölkəmizin cəbhə bölgəsindən uzaq olan şəhərlərini hədəfə alsa da, bu, onlara kömək etmədi. Hərbi əməliyyatlar başladığı gündən yaşayış məntəqələrimizin bir hissəsi ard-arda işğaldan azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi azad olundu. Bu şad xəbər ildırım sürəti ilə bütün Azərbaycana yayıldı, hər birimiz ordumuz ilə bir daha qürur duyduq. Ermənilərin silah-sursatlarını, nəqliyyat vasitələrini, döyüş bayrağını, rəsmi sənədlərini atıb qaçması, onların Azərbaycan Ordusu qarşısında aciz qaldıqlarını bir daha göstərir.