RADİKAL MÜXALİFƏTİN TƏMSİLÇİLƏRİ PARTİYA SIRALARINDAN ÇIXIRLAR
RƏHMAN HACIYEV (AXCP Zəngilan rayon şöbəsinin fəallarından biri): Mən 1988-91-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvlərindən biri olmuşam. Bu fəallığıma görə sovet imperiyası qüvvələri tərəfindən həbs edilmiş və I qrup əlil olmuşam.
İndi ölkəmiz müstəqil olaraq inkişaf edir, müstəqil dövlətimiz də var. Mən də vaxtilə bu müstəqillik uğrunda mübarizə aparmışam. Müstəqil ölkəmizin iqtisadiyyatı da, xarici və daxili siyasəti də inkişaf eləyir və bu da məni qane edir. Radikal müxalifətin fəaliyyəti isə daha məni qane etmir. Ona görə də müstəqillik uğrunda mübarizə aparmış bir şəxs kimi mən onların atdığı radikal addımlara etiraz əlaməti olaraq, bu gündən bəyanat verərək Azərbaycan Xalq Cəbhəsi Partiyası Zəngilan rayon təşkilatının üzvlüyündən çıxıram və öz fəaliyyətimi müstəqil olaraq davam etdirəcəyəm.
KAMAL ƏLİXANOV (Hövsan qəsəbəsindən AXCP-nin fəal üzvü): Bu partiyaya 1999-cu ildə qəbul olunmuşam. İndi isə respublikada seçkilərin şəffaf keçdiyini dediyimə görə mənə təzyiqlər olur. Belə halları görəndə öz razılığımla, öz ərizəmlə partiya sıralarından gedirəm. Bu da mənim ərizəm, partiyadan öz xoşuma gedirəm. Bu partiyaya mənim böyük ümidim vardı. Partiyadan getməyimin səbəbi ondan ibarətdir ki, uzun mitinqlər, bu iğtişaşlar, inqilaba çağırış hələ indiyə kimi heç kimə bir xeyir gətirməyibdir. Mən də bunları görürəm, ona görə də bu partiyadan gedirəm. Gedəndən sonra da müstəqil dövlətimizə, hökumətimizə hər işdə kömək eləməyə hazıram.
İLHAM İLQAROV (Hövsan qəsəbəsindən AXCP-nin fəal üzvü): Axırıncı seçkilərdə komissiyanın katibi kimi iştirak eləmişəm. Son vaxtlar gedən proseslərə etiraz olaraq, istəyirəm cavanlara, AXCP üzvlərinə öz fikrimi bildirim. İki-üç ildir görürəm ki, doğurdan da bunlar lazım olmayan, ağlasığmaz hərəkətlər edirlər. Mitinqlərlə heç nə əldə eləmək olmaz. Prezidentimizin ətrafında yığışsınlar, fikirləşsinlər, ona kömək üçün, Azərbaycanın gələcəyi üçün bir iş görsünlər. Öz ərizəmlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarından çıxıram. Bu ərizəmi də partiyanın Suraxanı rayon təşkilatına təqdim edəcəyəm.
AXCP-NİN YARDIMLI RAYON TƏŞKİLATININ SƏDRİ: 25 noyabr 2005-ci il tarixdə AXCP üzvlüyündən istefa vermişəm. İstefa verdiyim günədək AXCP Yardımlı rayon təşkilatının sədri olmuşam. Uzun illər bu təşkilatın üzvü olmuş şəxs kimi istefa qərarına da birdən-birə gəlməmişəm. Mənsub olduğum partiyanın əksər üzvləri 1990-cı illər dövründən uzağa getmədiklərinə, hakimiyyətə gəlmək üçün dünyada qəbul olunmuş demokratik mübarizə yolunu tutmadıqlarına, qaragüruha yuvarlandıqlarına görə bu partiya üzvlüyündən və təşkilatın sədrliyindən istefa vermişəm. 26 noyabr mitinqini görəndən sonra da mən bir daha əmin oldum ki, öz fikrimdə yanılmamışam, düzgün olaraq istefa vermək qərarına gəlmişəm. Baxmayaraq ki, partiyadan mənə müəyyən zənglər, təzyiqlər olub ki, guya mənə hər hansı təzyiq göstəriblər və mən mətbuat konfransı keçirib bunu deməliyəm. Mənə heç bir təzyiq yoxdur. Mən özüm bu qərara gəlmişəm və artıq Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət eləmişəm. Partiyadaşlarıma da tövsiyəm odur ki, mənim hərəkətimi qəbul edənlər, dəstəkləyənlər mənim tutduğum yolla getsinlər.
X X X
Radikal müxalifətin dağıdıcı hərəkətləri Ucar rayonunda da dərin hiddətə səbəb olmuşdur. Müsavatın, AMİP, ADP və ADLP-nin bir qrup üzvü partiya sıralarını tərk ediblər.
NƏBİ QULİYEV (ADP üzvü, Ucar rayonunun sakini): Parlament seçkilərində Azərbaycan Demokrat Partiyasını təmsil eləmişəm. Seçkilər şəffaf, demokratik keçibdir. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Ona görə də müxalifət liderlərinin dedikləri sözlərə, onların şayiələrinə, mitinqlərə çağırşlarına etiraz edirəm. İsa Qəmbərə, Lalə Şövkətə nifrət edirəm, onlara deyirəm ki, bəsdir, qurtarın bu oyunbazlığı, camaatı incitdiyiniz bəsdir.
SEYMUR TAĞIYEV (Müsavat Partiyasının keçmiş üzvü, Ucar rayonunun sakini): Qəti əminliklə deyə bilərəm ki, 6 noyabrda tam şəffaf, demokratik seçkilər keçirilmişdir. Müsavat rəhbərlərinə üzümü tutaraq deyirəm ki, bəsdir bu iftiralar, bu böhtanlar, sizin bu hərəkətləriniz Azərbaycan dövlətçiliyinə tam ziddir. Mən xahiş edirəm hüquq mühafizə orqanlarından, bu barədə tədbirlər görülsün. Hazırda Azərbaycanda quruculuq işləri gedir. Müsavat Partiyasının rəhbərləri nə istəyirlər bu xalqdan? Nə verəcəklər bu xalqa? Müsavat Partiyasının rəhbərləri vaxtilə hakimiyyətdə olublar. Vurduqları yaralar hələ düzəlməyibdir. Bəsdir, qurtarın bu oyunbazlığı!
RAMİZ HÜSEYNOV (Azərbaycan Liberal Partiyasından seçki məntəqəsinin üzvü, Ucar rayonunun sakini): Liberal Partiyası tərəfindən parlament seçkilərində məntəqə üzvü olmuşam. Seçkilər demokratik şəkildə keçirilmişdir, mən bunu öz gözlərimlə görmüşəm. Lakin dağıdıcı müxalifət partiyalarının üzvləri, camaatı, xalqı mitinqlərə sürükləyirlər. Bunlar nə istəyirlər, mən bilmirəm. Onlardan tələbim budur ki, çəkilib otursunlar yerlərində.
QURBAN ZÜLFÜQAROV (AMİP-dən məntəqə seçki komissiyasının üzvü, Ucar rayonunun sakini): Parlament seçkilərində AMİP tərəfindən məntəqə seçki komissiyasının üzvü olmuşam. Bildirirəm ki, müxalifətin seçkiləri saxtalaşdırılması barədəki uydurmaları şəxsən mənim qəzəbimə səbəb olub. Ona görə də mən AMİP sıralarını tərk eləmişəm. Mən üzümü İsa Qəmbərə, Lalə Şövkətə, Əli Kərimliyə, Sərdar Cəlaloğluna tutub deyirəm: Azərbaycana qənim kəsildiyiniz bəsdir, xalq sizə nifrət edir. Qurtarın, bu oyunbazlığı!
ƏLİ HƏSƏNOV (Ucar rayonunun sakini, ziyalı): Mən 71 yaşlı bir şəxsəm, ziyalıyam. Hələ bu vaxta qədər müxalifətin yönlü bir hərəkətinin şahidi olmamışam. Soruşuram, müxalifətçilər hansı bir yetim evinə gedib, hansı bir qocaya kömək edib, hansı bir körpü çəkdirib, hansı sahədə yenilik yaradıb, kimlə görüş keçiribdir? Onların heç biri rayonlara da getməyibdir. Nə istəyirlər bizdən? Hörmətli Prezidentimiz İlham Əliyevə müraciətim odur ki, bunların qarşısını birdəfəlik almaq lazımdır. Ümumiyyətlə, mitinq hərəkatı aradan götürülsün. Xalqa həddən artıq ziyandır, gənclərə ziyandır, uşaqlara ziyandır, yaşlı adamlara ziyandır, xəstələrə ziyandır. Küçələrdə səs-küy olmasın, gediş-gəliş pozulmasın. Bütün bunlar müxalifətin yaramaz hərəkətləri nəticəsində olur. Ona görə də mən bütün müxalifətin, xüsusən radikal müxalifətin belə hərəkətlərinə nifrət edirəm və deyirəm ki, bunun qarşısı tamamilə, tezliklə alınmalıdır.
X X X
Noyabrın 26-da Bakı şəhərində müxalifətin keçirdiyi mitinq-yürüşün acı nəticələri respublikamızın hər yerində hiddətlə qarşılanıbdır. Yüzlərlə adam müraciət edərək, bu iğtişaşları törədənlər haqqında qəti tədbirlər görülməsini tələb edirlər. Bir sıra vicdanlı adamlar isə öz etirazlarını vaxtilə müxalifət partiyalarında üzv kimi fəaliyyətlərinə son qoymaqla bildirirlər.
Azərbaycan Liberal Partiyası Cəlilabad rayon təşkilatı üzvlərinin bir qrupu bu partiyanın sıralarından çıxmaq barədə bəyanat imzalayıblar. Onlar öz bəyanatlarında bildirirlər ki, son zamanlarda baş verən hadisələr bizim yanıldığımızı sübut edir. Müsavat Partiyası Kürdəmir rayon təşkilatının üzvü Məcid Həmidov, Rövşən Məmmədov və həmin partiyanın bir qrup üzvü də partiya sıralarından çıxdıqlarını bəyan etmişlər.