İDMAN
Ralf Şumaxer: Hər kəs öz yolunu tapmalıdır
![Ralf Şumaxer: Hər kəs öz yolunu tapmalıdır](/files/2024/1/1200x630/17053207162576314993_1200x630.jpg)
Bakı, 15 yanvar, AZƏRTAC
Şumaxerlər ailəsinin yeni nəsli getdikcə Formula 1-dən uzaqlaşır.
AZƏRTAC xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, yeddiqat dünya çempionunun oğlu Mik bu il “Alpine”nin zavod komandasının heyətində dözümlülük üzrə yürüşlərdə debüt edir, eyni zamanda, “Mercedes”in ehtiyat pilotu vəzifələrini yerinə yetirir. Onun əmisi Ralf Şumaxerin oğlu David isə son iki ildə DTM kuzov seriyasında çıxış edib.
David də Formula 1 yarışlarını arzulayırdı. Lakin birincisi, o, gənclər seriyasında hansısa parlaq uğurlara imza atmayıb, yekunda DTM-ə keçməli olub. İkincisi, dünya avtomobil idmanının ali liqasına gedən yol olduqca ciddi maliyyələşmə tələb edir.
“Etiraf etməliyəm ki, David bu və digər işlərə səthi yanaşır. Ötən illər onun üçün başqa cür də alına bilərdi. Lakin hər kəs öz yolunu tapmalıdır və mən Davidlə fəxr edirəm”, - deyə Ralf Şumaxer “Bild” nəşrinə müsahibəsində bildirib.
Lakin Davidə atasının gözləntilərinə onun uyğun ola biləcəyi barədə birbaşa sual verəndə 22 yaşlı alman pilot səmimi cavab verərək deyib: “Bundan ötrü mən Formula 1-ə düşməli idim”.
Ona atasının tətbiq etdiyi tərbiyə üsulunun nə dərəcədə sərt olduğu barədə sual da veriblər. “Hər şey şəraitdən asılıdır. Masa arxasında davranışdan və ya tərzdən söhbət gedəndə olduqca ciddi idi. O, fiziki hazırlıqla bağlı məşğələlərimə çox sərt tələblər də irəli sürür. Yeniyetmə yaşlarımda bir az artıq çəkim vardı. Həmin vaxt mənimlə ciddi surətdə məşğul oldu, buna görə ona çox minnətdaram.
Düşünürəm ki, indi o başa düşüb ki, mən öz yolumla getməliyəm, artıq 22 yaşım var”, - deyə David qeyd edib.
Davidin 2024-cü il üçün planları hələ ki, məlum deyil. Onun DTM-də çıxışını davam etdirəcəyi də fakt deyil: ötən mövsümün yekunlarına görə o, şəxsi hesabda yalnız 25-ci yer tutub. Faktiki olaraq, bu, kuzov çempionatlarının bütün mərhələlərində iştirak edən yürüşçülər arasında axırdan ikinci yerdir.