CƏMİYYƏT
Ramik Əşrəfov: İmkanlarımız genişləndikcə ildə 2-3 milyon zeytun kökləndirə bilərik
Bakı, 28 oktyabr, AZƏRTAC
2014-cü ildən başlayaraq istər zeytun, istərsə də digər ağac növlərinin tingini almırıq. Zığdakı istixanada yetişdiririk. Təxminən 500 mindən çox zeytun tingimiz var. Əsasən kökü bağlı yetişdiririk. Belə olan halda ağır torpaq şəraitinə tez uyğunlaşır. Zeytun quraqlığa, aztorpaqlığa dözümlü olsa da kökü açıq olanda əziyyət çəkir. Kökü bağlı olanda torpağa tez uyğunlaşır və əkin mövsümü uzanır. Məsələn mayda əkini dayandırılsa da biz bunu iyunda da, sentyabrda da əkə bilərik. Çünki kökü bağlıdır.
Dibçəklərdə olan ağaclar daha rahat əkilir. Paketlərdə olanlarda isə rahatlıq bir az ondan zəifdir. Hazırda bütün ərazilərdə özümüzün yetişdirdiyimiz zeytun ağaclarından istifadə edirik. Burada tək zeytun deyil, digər ağacların da tingləri mövcuddur. Məsələn Eldar şamı, sərv ağacları var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov deyib.
R.Əşrəfov bildirib ki, istixanadakı zeytun tingləri yanvar-fevral aylarında əkilib: "Hazırda onlar paketlərə köçürülür. Altı aydan bir ilədək müddətdə qalandan sonra bir hissəsini dibçəklərə köçürürük, qalanları əkinə göndərilir. İstixanada isitmə sistemi olsa da hələ tələbat ödənildiyinə görə qoşulmasına ehtiyac olmayıb. İsitmə sistemi qoşularsa, tinglər iki-üç aya köklənir. Qarabağda yaşıllaşdırma tədbirləri artıb. Odur ki, isitmə sistemini qoşmağa başlayacağıq. Eyni zamanda, tək burda deyil Xıdırlıda da istixana var. Ceyranbatanda yeni istixana yaradılıb. Orada da bu işlərə başlayacağıq. İmkanlarımız genişləndikcə ildə 2-3 milyon zeytun kökləndirə bilərik.
Burada təkcə yerli sortlar deyil, Türkiyə və İspaniyadan da sortlar var. Yerli sortlar Abşeron sortu adlanır. Türkiyəli sortlar ayvalıq və genlik, İspaniya zeytunu isə ispan sortu adlanır.
Hazırda istixanadakı tinglər Türkiyə sortlarıdır - ayvalıq və genlik. Vaxtilə Türkiyədən gətirilən 60-70 santimetrlik ağaclar böyüdülüb və onlardan kəsib götürülüb. Hazırda Müşfiqabadda, Xocasəndə yetişdirilən tingləri əkirik. Həmin tinglərdən Füzuli rayonunda əkəcəyik, Cəbrayılda da əkməyi nəzərdə tutmuşuq. Eyni zamanda, rekonstruksiya məqsədilə istifadə edirik. Bir neçə ağac var ki, məsələn iydə, göyrüş akasiyanın arid torpaqlarda ömrü azdır. Təqribən 10-15 yaşlarında təbii şəkildə qurumağa başlayırlar. Onların rekonstruksiyası aparılır, yəni az qiymətli meşələri, ağacları, daha qiymətli ağaclarla dəyişirik. Bir hissəsi ona istifadə olunur. Yəni ki, göyrüş sıradan çıxıb quruyur, onun yerinə zeytun ağacı əkirik. Eyni zamanda, kommersiya məqsədilə də təşkilatlar, şirkətlər ödəniş etməklə bizdən tingləri ala bilərlər".
Azad edilmiş ərazilərdə aparılan yaşıllaşdırma işlərindən danışan R.Əşrəfov qeyd edib: "Zəngilanda 55 hektarda iynəyarpaqlı və enliyarpaqlı ağaclar əkilib. Füzuli aeroportu ətrafında ümumi sahəsi 200 hektardan çox ərazi ayrılıb. Onun 60 hektarında ilkin mərhələdə torpaq hazırlığı işləri aparılıb. Cəbrayılda isə 25 hektar ərazidə torpaq hazırlığı işləri həyata keçirilib. Bizə minalardan təmizlənən ərazilər təqdim olunduqca torpaq hazırlığı işlərinə və bağların salınmasına başlayırıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə planları genişdir".