Rauf Məmmədov: Bakıda Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış etməyə çalışacağıq
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycan şahmatçısı, qrossmeyster Rauf Məmmədov Çində dünya intellektual oyunlarının blits turnirində qələbə qazanması, Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Söhbətə Çində keçirilən dünya intellektual oyunlarından başlamaq istərdik. Blits turnirində birinci yeri tutaraq qızıl medal qazandınız. Yarış ərəfəsində uğur qazanacağına inamınız var idi?
- Çində dünya intellektual oyunları artıq beş ildir təşkil olunur. Buna baxmayaraq, karyeramda ilk dəfə bu yarışda iştirak üçün dəvət aldım. Əvvəlcə rapid yarışlarında qaliblər məlum oldu. Həmin turnirdə Şəhriyar Məmmədyarov qızıl medala layiq görüldü. Blitsdən əvvəl Şəhriyar mənə dedi ki, bu turnirdə də uğur qazanmalıyıq. Nəticədə blitsdə qızıl medal qazandım. Dünya intellektual oyunlarında üç yarışdan ikisində Azərbaycan qrossmeysterləri qalib gəldilər. Sevindirici haldır ki, Çində iki dəfə Azərbaycanın dövlət bayrağı ucaldı və himnimiz səsləndi. Bu hissləri sözlə izah etmək çətindir.
- Turnirdə sizin üçün ən çətin görüş hansı oldu?
- Sonuncu görüşü qeyd edə bilərəm. Dinq Lirenlə mübarizəmiz gərgin və maraqlı alındı. O, bir xal geridə olduğu üçün qələbə qazanacağı təqdirdə yarışı lider kimi başa vuracaqdı. Çinin ən güclü şahmatçısı ilə görüş asan olmadı. Qələbə qazanmaq çətin olsa da, vacib idi. Şadam ki, Bakıya qızıl medalla qayıtdım.
- Bu günlərdə Azərbaycan çempionatı keçirilir. Çempionatda iştirak etməməyiniz hansı səbəblərlə əlaqədardır?
- Çindəki yarışda çox yorulmuşam. Ona görə ölkə çempionatında iştirak edə bilmədim. Hiss edirdim ki, istirahətə ehtiyacım var. Məhz bu səbəbdən bu il Azərbaycan çempionatında iştirakçılar arasında deyiləm. Çempionatda iştirak edən bütün həmkarlarıma uğur arzulayıram. Fikrimcə, çempion Qədir Hüseynov, Eltac Səfərli və ya Vasif Durarbəylidən biri olacaq. Yarışın ən təcrübəli şahmatçıları onlardır.
- Hazırda Moskvada dünya çempionluğuna iddiaçıların turniri keçirilir. Qalib şahmat tacı uğrunda hazırkı çempion Maqnus Karlsen ilə görüşəcək. Necə düşünürsünüz, iştirakçılardan hansı M.Karlseni tituldan məhrum edə bilər?
- Moskvada ən güclü şahmatçılar toplaşıblar. Hazırda yarış yeni başlayıb. Ona görə də yekun haqda danışmaq hələ tezdir. Bununla belə, M.Karlsenin titulunu qoruyacağını düşünürəm. Maqnusu dayandırmaq çətindir. Norveçli bu il də titulunu qoruyacaq.
- Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası haqda fikirlərinizi bilmək istərdik. Şahmatçı kimi, olimpiada sizin üçün ikiqat önəmli hadisə olacaq.
- Biz həmişə Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün başqa ölkələrə səfər edirdik. İndi isə hamı Bakıya gələcək. Bu, çox önəmli hadisədir. Bakı Şahmat Olimpiadasının Azərbaycan idman tarixində xüsusi yeri olacaq. İki min beş yüzə yaxın şahmatçı, məşqçi və qonaqlar paytaxtımıza səfər edəcək. Bu yarışın yüksək səviyyədə təşkil olunacağına inanıram. Ötən il Dünya Kubokuna ev sahibliyi etdik. Hamı yarışdan razı qaldı. Bu mənada Şahmat Olimpiadasında da qonaqların Bakının yüksək təşkilatçılığını görəcəyinə əminəm.
- Azərbaycan şahmatçıları bu yarışa necə hazırlaşır?
- Azərbaycan Şahmat Federasiyasında görüşümüz olacaq. Komandalar üçün turnirə hazırlıq planı ilə tanış olmalıyıq. Bu yarışda Azərbaycan həm qadınlar, həm də kişilər arasında üç komanda ilə təmsil olunacaq. Olimpiada gənclər üçün böyük şansdır. Əsas komanda ilə yanaşı, gənc şahmatçıların olimpiadada çıxış etməsi yaxşı haldır. Gənclər burada böyük təcrübə qazanacaq, özlərini göstərmək imkanı əldə edəcəklər.
- Azərbaycan şahmatçılarının Olimpiadada uğur qazanmaq şansları necədir?
- Bu barədə hazırlıqdan sonra danışmaq olar. Sözsüz ki, hər birimiz məsuliyyəti başa düşürük. Komanda olaraq hər birimiz istərdik ki, Bakıdakı Olimpiadada uğurlu çıxış edək.