Rauf Məmmədov Dünya intellektual oyunlarında blits-turnirin qalibi olub
Bakı, 1 mart, AZƏRTAC
Çində Dünya intellektual oyunları davam edir, lakin blits-turnir artıq başa çatıb. Turnirin qalibi Azərbaycan qrossmeysteri Rauf Məmmədov olub.
AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə iki dövrədən ibarət olmuş blits-turnirdə 16 şahmatçı çıxış edirdi. Rauf Məmmədov 30 mümkün xaldan 19,5 xal toplayaraq turnirin qalibi olub. Rusiya nümayəndəsi Yevgeni Tomaşevski 18,5 xal, hindistanlı Pentala Harikrişna, Kuba təmsilçisi Lenyer Dominqes və Çin şahmatçısı Van Hao hərəyə 18 xal toplayıblar.
Qadınlar arasında blits-turnirdə rusiyalı Yekaterina Laqno 21,5 xal toplayaraq bütün rəqiblərindən güclü olduğunu sübut edib. Onun həmvətəni Valentina Qunina 20 xalla ikinci, bolqarıstanlı Antuaneta Stefanova isə 19 xalla üçüncü yeri tutub.
Sabah bask şahmatı üzrə ilk üç tur keçiriləcək. Xatırladaq ki, şahmatın bu növündə rəqiblər eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla oynayırlar.
2016-cı ilin Ümumdünya intellektual oyunlarında 43 ölkədən 143 nümayəndə iştirak edir. Bu oyunlarda şahmat, qo, çin şahmatı, bric və dama üzrə ən güclü oyunçular müəyyən ediləcək.
Artıq ənənəyə çevrilmiş Dünya intellektual oyunları bu il Çinin Tszyansu əyalətinin Huayan şəhərində keçirilir. Beynəlxalq İntellektual Oyunlar Assosiasiyası tərəfindən altıncı dəfə keçirilən oyunlara bu il “elit” statusu verilib.