“Regional İnkişaf” İctimai Birliyi və Nəsimi Rayon İcra Hakimiyyəti birgə sosial aksiya keçirib
Bakı, 11 aprel, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti birgə sosial aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən həmin həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aprelin 20-dək tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunub.