Rəşad Allahverdiyev: İşğaldan azad olunmuş ərazilərdəki biomüxtəlifliyin komponentləri tarixi areallarına qaytarılacaq
Bakı, 18 oktyabr, AZƏRTAC
Həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir. İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də həmin layihələrin icrası planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub: “Balıq növlərinin populyasiyasının bərpası üçün işlər görülüb. İşğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə son iki ildə qızılxallı forel balığının buraxılışı təşkil olunub və bu işlər növbəti dövrlərdə də həyata keçiriləcək”.
Xidmət rəsmisi bildirib ki, ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb: “Hazırkı dövrədək ümumilikdə 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və son monitorinqlərin nəticələrinə görə, Azərbaycanda 7 mindən çox ceyran fərdinin yayılması qeydə alınıb”.
R.Allahverdiyev digər layihələrin, xüsusilə zubrların Azərbaycanda tarixi məskunlaşma yerlərinə qaytarılması prosesinin də uğurla davam etdiyini xatırladıb: “IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində ölkəmizə reintroduksiya olunan bizonların ümumi sayı 31 başa çatdırılıb”.