Rəşad Orucov: Mərkəzi Bankın inflyasiya proqnozları rüblük olaraq yenilənir
Bakı, 17 noyabr, AZƏRTAC
Mərkəzi Bank 2024-2025-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb və bunlar rüblük olaraq yenilənir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
Proqnozlara təsir edən çoxsaylı daxili və xarici faktorların olduğunu diqqətə çatdıran Mərkəzi Bankın sədrinin birinci müavini qeyd edib: “Onların dəyişməsindən asılı olaraq rüblük bu proqnozlar yenilənir. Görünən odur ki, bütövlükdə inflyasiya göstəricilərinə təsir edən əsas faktorlarda müəyyən yaxşılaşma hiss olunsa da, yəni, bütövlükdə qlobal əmtəə qiymətlərində azalma, idxal olunan inflyasiyanın bizim inflyasiya göstəricilərinə əhəmiyyətli təsir etdiyi tərəfdaş ölkələrdə inflyasiya göstəricilərində əhəmiyyətli azalma olsa da, bütövlükdə gözləntilərdə volotillik qalmaqdadır. Ona görə də, biz bu volotilliyi, risklər balansını nəzərə alaraq kifayət qədər ehtiyatlı və konservativ qərarların qəbul edilməsinin tərəfdarıyıq. Monetar siyasət haqqında qərarların qəbulu zamanı da məhz inflyasiya gözləntilərində dayanıqlılıq təmin olunduqdan sonra yumşalma tsiklinə daxil olmaq olur”.