RƏŞİD QAZIBƏYOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Azərbaycan Jurnalistlər Birliyi və “Nobel qardaşları” Şəhid Övladları Sanatoriyasının təşkilatçılığı ilə keçirilən gecəni Prezident təqaüdçüsü, şair-dramaturq Ramiq Muxtar açmışdır. Rəşid Səməd oğlu Qazıbəyovun həyatı və fəaliyyəti haqqında söz açan natiq demişdir ki, onun dünyaya gəlişindən 80 il ötür. 1926-cı ildə Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan, uzun illər Naxçıvanda “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, Naxçıvan MR Nazirlər Soveti Sədrinin müavini, MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifələrində çalışmış, dəfələrlə Naxçıvan şəhər sovetinə və Muxtar Respublikanın Ali Sovetinə deputat seçilmiş, “Böyük Vətən Müharibəsi” ordeninin bütün üç dərəcəsinə, “Qızıl Ulduz”, “Qırmızı Əmək Bayrağı”, ”Şərəf nişanı” ordenlərinə və medallara layiq görülmüş bu insan işıqlı, amallı, sabaha nikbin baxan, milli dəyərlərimizə qəlbən bağlı bir ziyalı ömrü yaşamışdır. Naxçıvanda mətbuatın, mədəniyyətin inkişafında böyük xidmətləri olmuşdur. Gecədə həyatdan vaxtsız getmiş, gözəl insan, xeyirxah əməllər sahibi R.Qazıbəyovun dostları, həmkarları və yaxınları - onunla bağlı xatirələrini söyləmişlər.
Tədbirdə əməkdar artist Adil Bağırovun rəhbərliyi ilə “Xatirə” ansamblı, xalq artisti Azər Zeynalov, əməkdar artist Kəmalə Rəhimli, müğənnilər Təranə Vəlizadə, Nuriyyə Hüseynova və başqalarının ifasında mahnılar səslənmiş, məktəblilər şeirlər oxumuşlar.