Respublika Günü dəniz gəzintisi ilə yadda qalmışdır
Bakı, 28 may (AZƏRTAC). “Millennium Tourism & Congress DMC” 28 May - Respublika Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Xəzər dənizində 6 saat müddətində gəzinti təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, mayın 28-də “General Əsədov” gəmisində reallaşdırılan tədbirdə “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev, Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsi müdirinin müavini Mahir Qəhrəmanov çıxış edərək bütün iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmişlər. Bildirmişlər ki, Prezident İlham Əliyevin 2011-ci ili “Turizm İli” elan etməsi turizm sənayesi işçilərini daha əhatəli və fundamental şəkildə fəaliyyət göstərməyə sövq edir. Əslində bu hadisə son 10 ildə turizm sahəsində dövlətimiz tərəfindən aparılan uğurlu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir.
Turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində 2010-cu ildən etibarən “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək” layihəsi adı altında həyata keçirilən tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Vurğulamışlar ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədimizin olması çeşidli turizm məhsullarının yaradılmasına münasib zəmin yaradır.
Tədbir çərçivəsində “Skal İnternational” Beynalxalq Turizm Təşkilatı Bakı Klubunun növbəti 9-cu toplantısı keçirilmişdir. “Eurovision” musiqi yarışmasının 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmizin turizm sektorunun hazırlığı məsələsi əsas müzakirə mövzusu olmuşdur.
Toplantıda “Skal Bakı”nın prezidenti R.Quliyev rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermiş, qarşıda duran vəzifələrdən və reallaşdırılacaq layihələrdən danışmışdır.
Qurumun üzvləri maraqlı təkliflərlə çıxış etmişlər.