RESPUBLİKA PROKURORLUĞUNDA VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASI ÜZRƏ LOKAL KOMPYUTER ŞƏBƏKƏSİ AÇILMIŞDIR
Prokurorluq orqanlarında müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin çərçivəsində yaradılan bu şəbəkə vətəndaşlara Baş Prokurorluq tərəfindən baxılan müraciətlərin həlli prosesi barədə zəruri məlumatları qəbul otağında quraşdırılmış kompyuter vasitəsilə əldə etməyə, ərizə və şikayətlərə icrası məsələlərini tənzimləyən və bu işə gündəlik nəzarəti təmin edən vahid bir sistemin qurulmasına imkan verəcəkdir. Belə ki, Baş Prokurorluqda müraciətinə baxılan hər bir vətəndaş ona verilmiş bildirişdəki rekvizitlər əsasında qəbul otağındakı kompyuterdə ərizəsi üzrə görülmüş tədbirlər barədə bütün məlumatlarla tanış ola və istədikdə növbətçi prokurora müraciət etməklə zəruri sənədlərin surətlərini əldə edə bilir.
Açılış mərasimində çıxış edən baş prokuror Zakir Qaralov vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun bütün dövlət təsisatlarının, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə vaxtında baxılmasını və haqlı tələblərinin təmin edilməsini mühüm vəzifə kimi dövlət qulluqçularının qarşısında qoyduğunu diqqətə çatdırmışdır.
Xüsusi vurğulanmışdır ki, respublikamızın prokurorluq orqanlarında həyata keçirilən hərtərəfli islahatlar prosesində prokurorluğun fəaliyyətinin əsas istiqamətlərindən biri olan vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işi tamamilə yenidən təşkil edilmiş, bu istiqamətdə fəaliyyəti tənzimləyən tam yeni məzmunlu “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi haqqında” əmr verilməklə Baş Prokurorluqda beynəlxalq standartlar səviyyəsində qəbul otağı təşkil edilmiş, bütün prokurorluq orqanlarında vətəndaşların dərhal qəbul edilməsini və onların müraciətlərində qaldırılan məsələlərin operativ və obyektiv həllini təmin edəcək prosedur qaydalar müəyyənləşdirilmişdir. Eyni zamanda, ölkənin hər bir vətəndaşının istənilən vaxt Baş Prokurorluğun rəhbərliyi qarşısında qaldırdıqları məsələlərin 10 gün ərzində operativ həllinə imkan verən “Qaynar xətt” əlaqə mərkəzi təşkil edilmiş, “Azərbaycan Prokurorluğunun veb-saytı”nda elektron poçt vasitəsilə birbaşa baş prokurora müraciət etmək imkanı yaradılmışdır.
Son illər respublikamızın prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verən baş prokuror bildirmişdir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasını bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli Fərmanında nəzərdə tutulan yeni informasiya texnologiyalarının tətbiq edilməsi barədə tapşırığın icrasına müvafiq surətdə yaradılan lokal kompyuter şəbəkəsi vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılmasında, onların hüquq və azadlıqlarının daha dolğun müdafiəsinin həyata keçirilməsində, prokurorluğun bu sahədəki fəaliyyətində şəffaflığın təmin edilməsində müsbət rol oynayacaqdır.
Baş prokuror xüsusi vurğulamışdır ki, yeni şəbəkə, həmçinin bu sahədə böyük həcmli ümumiləşdirmələrin aparılması, analitik işin həyata keçirilməsi, sahələr üzrə şikayətlərin təhlili, müraciətlərə baxılması işinin keyfiyyətinin yüksəldilməsi, son nəticədə idarəçiliyin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.
Eyni zamanda, şəbəkənin müvafiq proqram təminatı üzrə normal fəaliyyət göstərməsi üçün Baş Prokurorluğun idarə və şöbələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında da belə şəbəkələrin yaradılması barədə tapşırıqlar verilmişdir.
Mərasimin sonunda vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompyuter şəbəkəsinin fəaliyyət prinsipləri və iş qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.