RESPUBLİKA VETERANLAR ŞURASININ III PLENUMU KEÇİRİLMİŞDİR
Plenumu Şuranın sədri Baloğlan Rüstəmov açaraq, iştirakçıları tədbirin gündəliyi ilə tanış etmişdir.
Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri Qara Fərzəliyev, Şuranın müharibə veteranları bölməsinin rəhbəri Mirzəcan Məmmədov gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyəti haqqında məruzə etmiş, bu təşkilatlarda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, problemlərdən danışmış, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illik yubileyi ilə əlaqədar idarə və təşkilatlarda, təhsil ocaqlarında, hərbi hissələrdə veteranların iştirakı ilə keçirilmiş toplantılar, dəyirmi masalar, konfranslar haqqında məlumat vermişlər. Bildirilmişdir ki, müharibə illərində xalqımızın mərd, cəsur övladlarının göstərdiyi qəhrəmanlıq bu gün erməni işğalçıları ilə üz-üzə dayanan Azərbaycan Ordusu əsgərlərinin, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində xüsusilə önəmlidir.
Bakı və Gəncə şəhər, Yardımlı, Lənkəran, Tərtər, Xətai rayon təşkilatlarının sədrləri məruzələr ətrafında çıxışlarında ümummilli liderimiz Heydər Əliyevin müharibə veteranlarına verdiyi qiyməti xüsusi vurğulamış, təklif və iradlarını bildirmişlər.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin veteranlara diqqətini nəzərə çarpdırmış, onun cari ildə müharibə veteranlarına qayğının artırılması ilə əlaqədar Sərəncam və Fərman imzaladığını vurğulamışdır. Ə.Mehdiyev dövlətimizin Milli Ordunun problemlərinə diqqətlə yanaşdığını, onun gücləndirilməsi yolunda atılan addımlardan da danışmışdır.
Tədbirdə Azərbaycan Veteranlar Şurasının Nizamnaməsinə qismən dəyişikliklər edilməsi məsələsinə də baxılmışdır.
Sonda plenum yekdilliklə qərarlar qəbul etmişdir.