Reykyavik Qlobal Forumunda postpandemiya dövründə qadınların imkanları müzakirə olunur
Bakı, 11 noyabr, AZƏRTAC
Dünyanın mötəbər siyasi platformalarından biri olan “Qadın Siyasi Liderləri” (WPL) təşkilatının Reykyavik Qlobal Forumu keçirilir. Forum postpandemiya dövründə qadınların iqtisadi, sosial və siyasi imkanlarının genişləndirilməsi və onların rəhbər siyasi vəzifələrdə iştirakının təmin edilməsi ilə bağlı mövzularda müzakirələr aparacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qadın Siyasi Liderləri” təşkilatında Azərbaycanı ölkə səfiri kimi təmsil edən Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib. Deputat bildirib ki, 3 gün davam edəcək tədbirdə 700-ə yaxın nüfuzlu qadın siyasətçilər, fəallar, beynəlxalq təşkilat rəhbərləri, idarə heyətinin üzvləri və dövlət başçıları iştirak edirlər.
Tədbir iştirakçıları arasında ABŞ-ın sabiq Dövlət katibi Hillari Klinton, Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvina Koç-Mehrin, Avropa Komissiyasının sabiq prezidenti Coze Manuel Barroso, Belçika Şahzadəsi Mari Esmeralda, Estoniyanın Prezidenti Kersti Kalyulaid, "CARE İnternational" beynəlxalq təşkilatının prezidenti Mişel Nun, Norveçin Baş naziri Erna Solberq, Avstraliyanın sabiq Baş naziri Yuliya Gillard, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Nqçuka və İslandiyanın hazırkı Baş naziri Katrin Yakobsdottir və başqaları var.
“Qadın Siyasi Liderləri” təşkilatında Azərbaycanı ölkə səfiri kimi təmsil edən Könül Nurullayeva tədbirdə milli bəyanatla çıxış edib. Onun bəyanatı “YouTube” kanalında (https://www.youtube.com/watch?v=4WtwRR8KkqY) yerləşdirilib.