“RİA NOVOSTİ” AZƏRBAYCANLA FƏAL ƏMƏKDAŞLIQ ETMƏK NİYYƏTİNDƏDİR
“RİA Novosti”nin MDB və Baltikyanı ölkələr üzrə baş müdiriyyətinin rəhbəri Alan Kasayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Bakıda Azərbaycanın bir sıra rəsmiləri, parlament üzvləri, KİV-lərin rəhbərləri ilə səmərəli görüşlər keçirilmişdir. Görüşlərdə bu ilin oktyabrında “RİA Novosti”nin Bakıda rəsmi nümayəndəliyinin açılması və həmin vaxt “RİA Novosti” günlərinin keçirilməsi ilə bağlı perspektivlər və imkanlar müzakirə olunmuşdur. Günlər çərçivəsində fotosərgi, Bakı Slavyan Universitetinin və BDU-nun müəllimləri, jurnalist həmkarlarla görüşlər keçirmək nəzərdə tutulmuşdur. A.Kasayev demişdir ki, nümayəndə heyətində Rusiyanın görkəmli politoloqları, konfliktoloqları, qafqazşünasları da olacaqlar.
O, ölkəmizdə keçirilən görüşlərin yekunlarını şərh edərək vurğulamışdır ki, Bakıda hər yerdə onları çox səmimi qarşılamışlar. A.Kasayev demişdir ki, bu, ilk növbədə, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. AZƏRTAC-ın direktoru A.Aslanovla görüş də çox faydalı olmuşdur. O, həm agentliyin nailiyyətlərindən, həm də inkişaf perspektivlərindən ətraflı danışmışdır. AZƏRTAC maraqlı, inkişaf edən, çoxşaxəli agentlikdir. Onun məhsulları arasında rus dilində informasiyanın mühüm yer tutmasını böyük məmnunluqla öyrəndik. Rus dilində informasiya baş redaksiyası var. Bu, əlbəttə ki, rusiyalılar üçün çox vacibdir. AZƏRTAC ilə jurnalistlər mübadiləsi və ümumilikdə birbaşa informasiya mübadiləsinin geniş imkanlarından istifadə etməyin vacibliyi barədə razılığa gəldik.
Moskvalı qonaqlar Azərbaycan Prezidentinin İcra Aparatında və bir sıra digər qurumlarda da səmərəli görüşlər keçirmişlər. Milli Məclisin deputatları, ölkənin aparıcı “Azərbaycan”, “Bakinski raboçi” qəzetlərinin rəhbərləri ilə görüşlər də əhəmiyyətli olmuşdur. Qonaqlar “İnterfaks-Azərbaycan” agentliyindən olan həmkarları, AzTV-nin rəhbərliyi ilə görüşmüşlər. Onlar razılıq hissi ilə öyrənmişlər ki, Azərbaycanın rusdilli vətəndaşlarının rus dilində informasiya almaqla bağlı heç bir problemi yoxdur. Böyük məmnunluqla qeyd olunmuşdur ki, Azərbaycan MDB məkanında az-az ölkələrdən biridir ki, orada dövlət televiziyasının birinci kanalı rus dilində proqrama qoşulmağa imkan verir. Təəssüf ki, Azərbaycanın region üzrə qonşularında belə yanaşma müşahidə olunmur. A.Kasayev demişdir: “Biz bunu xüsusi qeyd edirik”.
Agentliyin regional layihələrinin rəhbəri Valeri Yenin demişdir ki, Azərbaycanda “RİA Novosti” günləri çərçivəsində Slavyan Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalanması planlaşdırılır. Müqaviləyə uyğun olaraq, Azərbaycan tələbələri ölkənin gənc jurnalistləri ilə birlikdə Rusiya agentliyində staj keçəcəklər.
V.Yenin bildirmişdir ki, “RİA Novosti” çox maraqlı layihə həyata keçirmək niyyətindədir. O demişdir: “MDB-də ilk belə layihəyə əsasən, biz “Azərbaycan” qəzeti ilə əməkdaşlıq haqqında müqavilə imzalamağı və ilin sonunadək “RİA Novosti”nin Azərbaycan dilində əlavəsinin nəşrinə başlamağı planlaşdırırıq”. Bu, “RİA Novosti”nin Azərbaycan dilində məhsul buraxacağı ilk belə layihədir. Bu layihə MDB-də ilk dəfə olaraq Azərbaycanla əməkdaşlıq şəraitində həyata keçiriləcəkdir.